Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Məktəb İdmanları Federasiyası, İDEA Şahmat Klubu və 132 – 134 nömrəli Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri – Nicat Tarverdiyev, Yusif Budaqov və Fərid Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
BŞGİBİ-dən “Report”a verilən məlumatına görə, açıq havada təşkil olunan turnirdə şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, sinif rəhbərləri və müəllimləri iştirak ediblər.
Açılış mərasimində baş idarənin rəisi Raqif Abbasov 44 günlük Vətən müharibəsi və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti haqqında danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, rəhbərlik etdiyi qurumun şəhidlərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlərin və yarışların davam edəcəyini vurğulayıb.