Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Vətənim Qarabağ” adlı poeziya saatının ikinci hissəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Natəvanın evinin önündə reallaşan tədbirdə bölgələrdən olan şairlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairlər şeirlərini oxuyublar.
Əvvəlcə tədbirin aparıcısı, şair İbrahim İlyaslı Şuşada keçirilən Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də poeziya günləri Şuşada yüksək səviyyədə keçirilir. Diqqətə çatdırılıb ki, builki poeziya günlərinin təşkili işğaldan əvvəlki illərdə olduğu kimi, Vaqifin doğulduğu Qazax şəhərindən başladı və əziz Şuşada davam edir.
Sonra söz şairlərə verilib.
Poeziya saatında şairlər Bəsti Əlibəyli, Ramiz Babayev, Qanun Ümman, Ziyafət Yəhya, Reyhan Kənan, Şahnaz Şahin, Fəxrəddin Teyyub, Namiq Məna, Aysel Fikrətqızı, Bilal Arallı, Xuraman Muradova və digərləri vətənpərvərlik mövzusunda qələmə aldıqları, həmçinin Şuşaya həsr etdikləri şeirlərini səsləndiriblər.
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşada yekunlaşardı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirilməkdədir.