Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilib.
AZƏRTAC-ın ABŞ bürosu xəbər verir ki, aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan bayraqları ucaldılıb, “Ermənistan sülh istəyir, ANKA isə yox”, “Türk diplomatları və ailələri ASALA terror təşkilatı tərəfindən öldürülüb”, “Türklərin öz yuvasını qoruması soyqırımı deyil”, “Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib” kimi süarlar səsləndilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.
Türk-Amerikan Beynəlxalq Yönləndirmə Komitəsinin həmsədri Melih Bektaş bildirib ki, hər il olduğu kimi, bu gün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türklər erməni yalanlarını ifşa etmək üçün bir araya toplanıb. “BMT və hətta ABŞ Ali Məhkəməsinin bunun soyqırımı olmadığına dair qərarlarına baxmayaraq, siyasətçilərin yanlış yönləndirməsi ilə belə bir iddia ortaya atılıb. Amma həqiqət bu deyil. Bütün türk xalqını, türk millətlərini bir arada olmağa və bu yalanlara qarşı birlikdə hərəkət etməyə dəvət edirəm”, – deyə diaspor nümayəndəsi bildirib.
ABŞ-dakı Millennial Siyasi Mərkəzin təsisçi üzvü Vüqar Şahbazlı bildirib ki, erməni yalanları ilə mübarizə tək meydanda deyil, Konqres və siyasət meydanında da davam edəcək.
Daha sonra nümayiş iştirakçıları şüarlarını Azərbaycanın və Türkiyənin ABŞ-dakı səfirliklərinin qarşısından yürüməklə Şeridan dairəsindən keçən və Ağ evə doğru hərəkət edən erməni diasporuna qarşı səsləndiriblər.