Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 60 yaşdan yuxarı şahmatçılar arasında ölkə çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, veteranlar arasında keçirilən çempionatın açılış mərasimində çıxış edən federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov veteran şahmatçılar arasında yarışların təşkilinin vacib olduğunu söyləyib. AŞF rəhbəri veteran şahmatçılara daim diqqət ayrılacağını bildirib və Azərbaycan çempionatında qalib olacaq iştirakçının FİDE tərəfindən təşkil olunacaq dünya çempionatında iştirak edəcəyini sözlərinə əlavə edib.
AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov çempionatdan maraqlı mübarizə gözlədiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
Sonra Mahir Məmmədov birinci lövhədə ilk gedişi edib.
Veteran şahmatçılar arasında ən yaşlı iştirakçı 1939-cu il təvəllüdlü Orxan Əfəndiyevdir. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir. İyirmi altı şahmatçının iştirak etdiyi çempionatın ümumi mükafat fondu 3 min manat təşkil edir.