Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevmoderatorluq edib. Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirən Hafiz Paşayev hazırda həmin insanların öz ölkələrində müxtəlif vəzifələrdə çalışdıqlarını deyib. Diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetinin əsasında Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub (məktub qəzetin bugünkü nömrəsində dərc olunub).
Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov sovet dövründə respublikamızda təhsil almış əcnəbilərin Azərbaycan haqqında həmişə xoş təəssüratlarını bölüşdüklərini diqqətə çatdırıb. O zaman respublikanın, demək olar, bütün ali məktəblərində əcnəbi tələbələrin təhsil aldıqlarını deyən nazir indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dillər Universitetinin sovet dövründə əcnəbilər arasında çox populyar olduğunu qeyd edib. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında əcnəbi tələbələrin təhsil almalarına hər cür şərait yaradılıb.
Tələbəlik dövrünün insan həyatında ən gözəl illər olduğunu deyən Elmar Məmmədyarov özünün Ukraynada təhsil aldığını, Kiyev şəhərində keçirdiyi illəri həmişə xatırladığını söyləyib, Azərbaycanda təhsil almış insanların da burada keçirdikləri illəri unutmadıqlarına əminliyini bildirib.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu görüşün təşkili sayəsində əcnəbi məzunların təkcə Azərbaycanla bağlı xatirələrini bölüşmələri deyil, həm də onların ölkəmizin inkişafını görmələri üçün imkan yaranıb. Müasir müstəqil Azərbaycanda daha çox əcnəbi tələbə cəlb etməyə səy göstərildiyini deyən nazir hazırda respublikamızda onlarının sayının 6 mini ötdüyünü, habelə ali təhsilin beynəlmiləlləşməsi üçün təqaüd proqramının həyata keçirildiyini bildirib. Qeyd edib ki, tələbələr multikulturalizmin daşıyıcılarıdır. Onlar ölkələr arasında hərəkət edib dünyaya mənsub olduqları xalqın mədəniyyətini yayırlar. Bu isə insanların bir-birini daha yaxşı anlamalarına, həmçinin ölkələr arasında gələcəkdə daha yaxşı münasibətlər qurmalarına töhfə verir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Bakı Beynəlxalq Humanitar forumlarının qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu mötəbər tədbirə çevrildiyini deyib. Elmi nailiyyətlərin artmasından söz açan akademik deyib ki, əgər XX əsr fizika əsri adlandırılırdısa, alimlər XXI əsrin biologiya əsri olacağını güman edirlər. Belə ki, dünyada biologiya istiqamətində elmi kəşflər yüksək iqtisadi səmərəsini göstərməkdədir. Hər yerdə, xüsusən, inkişaf etmiş ölkələrdə, humanitar elmlərə az diqqət ayrıldığını təəssüflə qeyd edən akademik müasir dünyanı anlamaq üçün mədəniyyət istiqamətinə xüsusi fikir verilməsinin vacibliyini bildirib, bu baxımdan dərin və hərtərəfli biliklərə əsaslanan mədəniyyətin önəmini vurğulayıb. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir” sözlərini xatırladan AMEA-nın prezidenti Azərbaycanda elmi nailiyyətlərdən, bu gün elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açıb. Ölkəmizin tarixi torpaqlarının Ermənistan tərəfindən işğal və etnik təmizləməyə məruz qaldığını diqqətə çatdıran Akif Əlizadə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni etdiyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, ölkənin parlaq gələcəyinin təmin edilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Diasporla İş üzrə Dövlət Komitəsi hökumətin prioritetlərini dəstəkləyərək öz fəaliyyətində müasir dövrün tələblərini nəzərə alır. Qarşıda duran əsas məqsədlərdən birinin Azərbaycanın diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi olduğunu deyən Fuad Muradov Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanda əcnəbi tələbələrin təhsil aldığını qeyd edən komitə sədri bunun ölkəmizin haqq səsinin dünyaya çatdırılması baxımından önəmli olmasına diqqət çəkib, Assosiasiyanın yaradılmasını yüksək qiymətləndirib.
“Dəyirmi masa” çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib.
Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir.
Tədbir “Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu”, “Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində”, “İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi” mövzularında panellərlə davam edib.
“Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu” mövzusunda panelə moderatorluq edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla tədbirdəki çıxışların təkcə Azərbaycan deyil, digər ölkələr üçün də əhəmiyyət daşdığını deyib. O, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb.
Paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan xalqının tolerantlığından, əsrlərboyu bu ölkədə müxtəlif xalqların, dillərin, dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından geniş söhbət açıb.
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin fəaliyyəti mədəni müxtəlifliyin dayanıqlı inkişafında böyük rol oynayır. Bugünədək universitetdə Moskvadan gələn 174 professor-müəllim mühazirə oxuyub, praktik dərslər keçib. Hər il filial əlaçı tələbələrin bir hissəsini Moskva, ABŞ və Almaniyanın qabaqcıl klinikalarına göndərir. Tələbələr Azərbaycanda və Moskvada keçirilən konfranslarda məruzələrlə çıxış edirlər.
Paneldə Ukraynada “Piraeus Bank”ın idarə heyətinin üzvü Sergey Naumov, Peru Hökumətinin Baş Nəzarət İdarəsinin rəisi Qabriel Sançez Perez tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər.
“Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində” mövzusunda panelə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı moderatorluq edib.
Paneldə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədr müavini Somdi Bunhum, Macarıstanın Miskolc Universitetinin fəxri professoru Abraham Cosef, Vyetnamda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Tarixşünaslıq Mərkəzinin direktoru Tien Dao, Misirin Helvan Universitetinin professoru Mona Zedan Amer çıxış ediblər. Azərbaycan dilində çıxış edən Mona Zedan Amerin səsləndirdiyi “Sarı gəlin” mahnısı alqışlarla qarşılanıb.
“İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi” mövzusunda panelə isə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə moderatorluq edib.
Paneldə Türkiyənin İğdır Sənaye Zonasının sahə meneceri Hakan Aras, Qazaxıstanın PARASAT Sistem Araşdırması İnstitutunun sosial və mədəni inkişaf şöbəsinin aparıcı eksperti Nailə Almuhamedova, Livanın İnkişaf və Bərpa Şurasının layihə rəhbəri Akram Tarhini çıxış ediblər.
Çıxış edənlər Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb, ölkənin qədim ənənələrini, zəngin mədəniyyətini və yüksək səviyyəli inkişafını vurğulayıblar.
Tədbirdə vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 60-dan çox əcnəbi tələbə, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ali təhsil müəssisələrində təhsil qrantlı proqramlar çərçivəsində hazırda ölkəmizdə təhsil alan əcnəbi tələbələr, dövlət və hökumət rəsmiləri, ali məktəblərin rəhbərləri, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.