Mayın 2-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Koventri Universitetinin İnam, Sülh və Sosial Münasibətlər Mərkəzinin təsisçi direktoru, professor Mayk Hardinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin mühüm fikirlərini əks etdirdiyi çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyə görə minnətdarlığını bildirib.
“Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün ən önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil, və texnologiya, din, miqrasiya, gənclərin proseslərə cəlb olunmaları və turizmin mədəniyyətlərarası dialoqa təsirini nümunə göstərə bilərik”, – deyə nazir qeyd edib.
Forumda COP29-la bağlı önəmli mesajların çatdırıldığını bildirən A.Kərimli deyib: “Bizim əsas məqsədimiz mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həllində önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik”.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, Forumda iştirak edənlər bu sahədə maraqlı olduqlarını bir daha göstəriblər.
“Forum işini bitirdi və biz hamımız özümüzdə məsuliyyət hiss edirik. Ona görə ki, biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik. Elm, təhsil və mədəniyyət sahələrində apardığımız fəaliyyət mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq dəyərlərinə sadiq olmağa çalışırıq”.
Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroşeviç deyib ki, turizm bütün sahələr üzrə ən vacibidir. “Biz prioritetləri müəyyən etməkdə maraqlı olmalıyıq. Turizm sahəsində müqavilənin bağlanılması və həyata keçirilməsi ilə bağlı düşüncələrimiz var”, – deyə o əlavə edib.
İcraçı direktor, həmçinin qeyd edib ki, gəncləri dinlənilməli, onların fikir və düşüncələrinə önəm verilməlidir. Gələcək gəncləri dinləmədən reallaşa bilməz. Çünki gənclər bizim gələcəyimizdir.
BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) direktoru xanım Nihal Saad Forumda iki gün ərzində maraqlı müzakirələrin aparıldığını diqqətə çatdırıb.
“Bu Forumdakı mövzular aktuallığı ilə yadda qaldı. Forum növbəti uğura çevrildi. Mədəniyyətin iqlim dəyişikliyi sahəsində rolu böyükdür. Forumun bəşəriyyətin sivilizasiyasında vacib yer tutduğunu düşünürəm. Tədbirdə qlobal çağırışlar da edildi”, – deyə N.Saad vurğulayıb.