Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə “Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili” mövzusunda görüş təşkil edilib.
Videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov,YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Müşfiq Cəfərov, millət vəkili Ramin Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, rəssam Aysel Nağıyeva, Beynəlxalq “Art of Living” Fondunun koordinatoru Kənan Məmmədov və gənclər iştirak ediblər.
Videokonfrans zamanı karantin rejimi dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili mövzusunda müzakirələr və fikir mübadiləsi aparılıb. Konfransda çıxış edənlər vurğulayıblar ki, gənclər COVID-19 pandemiyası şəraitindən irəli gələn fəsadlara cəmiyyətin ən çox məruz qalan üzvlərindən olmalarına baxmayaraq, virusun yayılması ilə mübarizədə, həmçinin fəsadlarının aradan qaldırılmasında cəmiyyətdə ən fəal rol oynayanlar da məhz gənclər oldu. Onlar ölkəmizin bütün vətəndaşları kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər. Belə ki, gənclər sosial izolyasiya dövründə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfələrini əsirgəmədilər.
Konfransda həmçinin region gənclərinin inkişafı, onların müasir bacarıqlara yiyələnməsi, bilik və bacarıqlarının artırılması və bu xüsusda virtual məkanda təlimlərin, konfransların təşkilinin vacibliyindən danışılıb, bu istiqamətdə də bir sıra mühüm addımların atılmasının vacibliyi diqqətə çatdırılıb.
Moderatorlar gənclərin mövzu ilə bağlı onlara ünvanlanmış suallarını cavablandırıb, məsələ ətrafında maraqlı fikirlər səsləndiriblər.
Sonda gənclərə pandemiya təhlükəsilə əlaqədar sosial izolyasiya və karantin rejiminin qaydalarına uyğun davranmaq və postpandemiya dövründə də asudə vaxtlarının faydalı təşkili istiqamətində müvafiq tövsiyələr verilib.