İdman Araşdırmalar Mərkəzinin, Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası və “Avrora Group”la birgə təşkil etdiyi 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna start verilib.
“Report”un məlumatına görə, 1/4 final qarşılaşmalarından əvvəl turnirin açılış mərasimi gerçəkləşib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli, Vətən müharibəsi iştirakçısı, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş voleybolçu Elvin Hidayətzadə və “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş Hümmət Zərgərov iştirak edib.
İAM-ın sədri Elşən Məmmədov daha əvvəl futbol üzrə Zəfər Kubokunun keçirildiyini söyləyib. Məmmədov əvvəlki yarışda 12 komandanın mübarizə apardığını xatırladıb.
Gənclər və idman naziri Fərid Qayıbovun adından tədbir iştirakçılarını salamlayan Aydın Məmmədov jurnalistlərə uğurlar arzulayıb. Nazirlik rəsmisi güclü komandanın qələbə qazanacağına inandığını bildirib.
Elvin Hidayətzadə, Hümmət Zərgərov da komandalara uğurlar arzulayıb və onlar yarışı açıq elan ediblər. Ardınca, Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İlk olaraq meydana “Füzuli” və “Zəngilan” komandaları çıxıb. Qarşılaşma “Zəngilan”ın 2:0 (25:15; 25:16) hesablı qələbəsi ilə yekunlaşıb. Daha sonra “Şuşa” “Xocalı”ya çətinlik çəkmədən qalib gəlib – 2:0 (25:10; 25:9). Üçüncü matçda “Kəlbəcər” “Ağdam”ı 2:0 (25:11; 25:10) hesabı ilə yenib. Nəhayət, sonuncu oyunda “Suqovuşan” “Xankəndi”ni 2:0 (25:17; 25:21) hesabı ilə üstələyib.
Beləliklə, iyulun 16-da yarımfinalda “Zəngilan” – “Kəlbəcər” və “Şuşa – “Suqovuşan” görüşləri baş tutacaq. Final qarşılaşması iyulun 22-də oynanılacaq.
Qeyd edək ki, Zəfər Kubokunun baş sponsoru “Avrora Group”, İnformasiya dəstəkçisi “Report” agentliyidir. Turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu 100 manat pul mükafatı alacaq.