Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, mayın 3-də Xətai Rayon Prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə təşkil olunmuş tədbirdə çıxış edən Xətai rayon prokuroru Sərdar İmanov rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.
Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji səmərəliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova çıxışında ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərək bəzi statistik göstəricilərə toxunub. Həmçinin tədbir zamanı rayon prokurorluğunun əməkdaşları fəaliyyət sahələri üzrə dinləyiciləri ətraflı məlumatandırıb.
İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.
Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı izlədikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.