Xətai rayonunda “Böyük Zəfərə gedən yolun başlanğıcı” adlı xatirə tədbiri keçirilib

İyulun 14-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon icra hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Mədəniyyət Nazirliyinin “Salnamə” studiyası və Milli Kino Mərkəzi Tovuz döyüşlərinə və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin 50 illik yubileyinə həsr olunmuş “Böyük Zəfərə gedən yolun başlanğıcı” adlı xatirə tədbiri təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin, Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, Əməkdar artist Səlim Abbasovun, VIII “Muğam” Televiziya müsabiqəsinin qalibi Həzrət Əzizlinin, Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kollektivinin, Milli Kino Mərkəzinin əməkdaşlarının, şəhid ailələrinin, qazilərin qatıldığı tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni bizə bəxş edən, qələbə naminə canından keçən şəhidlərimiz hər an böyük ehtiramla və qürur hissi ilə anılır. Azərbaycan oğulları düşmənə döyüş meydanında elə hünər göstərdi ki, yaşananlar hələ uzun illər Ermənistan hərbçilərinin yaddaşından silinməyəcək. Şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Hazırda şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir.

Konsert proqramı ilə davam edən tədbirdə ifaçılar tərəfindən vətənpərvərlik mövzularında mahnılar səsləndirilib, tamaşaçılara milli rəqslər, ədəbi-bədii kompozisiya göstərilib. Tədbirin ikinci hissəsində şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin keçdiyi döyüş yoluna həsr olunmuş “Artilleriyanın atası” adlı sənədli filmin nümayişi olub.

Qeyd edək ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad edib.

ƏvvəlkiABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə büdcəsi layihəsini qəbul edib
NövbətiBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib