Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.
Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) qar yağıb.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 30, Naftalanda 28, Gəncədə 24, Tərtərdə 23, Neftçala, Tovuz, Şahdağda 20, Şəkidə 18, Altıağacda 17, Ceyrançöl, Şəmkirdə 16 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb.
Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda duman müşahidə olunub.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə, aran rayonlarında 12 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.