Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məlumatda bildirilir ki, martın 7-də Xəzər akvatoriyasında gün ərzində şimal-qərb küləyi 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə arabir 35-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 m, sonrakı inkişafda isə 5.5-7.5 m çatacağı proqnazlaşdırılır.
Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.
Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.