Azərbaycan kino və teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan Xalq artisti Muxtar Avşarovun adı mədəniyyət tariximizdə mühüm yer tutur. Onun zəngin yaradıcılığı kino və teatr tariximizdə ayrıca bir səhifədir. Muxtar Avşarovun adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz onlarca tamaşadan maraqlı epizodlar canlanır. Müsbət və yaxud mənfi obrazlardan asılı olmayaraq, onları peşəkarcasına yaratması Muxtar Avşarovu tamaşaçılara sevdirmişdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 4-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun anadan olmasının 110 illiyinə həsr edilən tədbirdə səslənib. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə gerçəkləşib.
Əvvəlcə tədbir iştirakçıları Fondun foyesində Muxtar Avşarovun həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olublar. Xatirə gecəsində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artistləri Nürəddin Mehdixanlı, Rasim Balayev, Əbdül Mahmudov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli və başqaları çıxış edərək Muxtar Avşarovun Azərbaycan teatr və kinosunun inkişafına verdiyi töhfələrdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, onun sənət yolu Gəncə Dövlət Dram Teatrından başlayıb. Sevimli aktyor sonradan Akademik Milli Dram və Bakı Bələdiyi teatrlarında çalışıb. Harada işləməsindən asılı olmayaraq o, bir-birindən maraqlı yüzlərlə obrazlar qalereyası yaradıb.
Xüsusi olaraq qeyd edilib ki, aktyor o dövrdə tarixin sərt sınaqları ilə də üz-üzə dayanmalı olub. Belə ki, Gəncənin adının dəyişdirilərək Kirovabad qoyulmasına və bunun ardınca Gəncə Dram Teatrına Beriyanın adının verilməsinə qarşı narazılığını bildirən Muxtar Avşarov heç nədən ömrünün 5 ilini həbsxanada keçirib. Buna səbəb onun daxilindəki vətənpərvərlik hissi idi. 1945-ci ilin soyuq fevral gecələrinin birində bəraət alaraq azadlığa çıxan aktyor köhnə iş yerinin bərpa edilməsinə baxmayaraq, yenə də təzyiqlərə məruz qalıb.
Muxtar Avşarov C.Cabbarlı adına Gəncə Dram Teatrının səhnəsində yüzdən artıq tamaşada oynayıb. Bir sıra xarakterik rolları məharətlə ifa etdiyinə görə ayrı-ayrı vaxtlarda üç dəfə Gəncəyə gələn Akademik Dram Teatrının bədii rəhbəri və rejissoru Tofiq Kazımov 1968-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edib. Həmin vaxt “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyən Adil İsgəndərov da onun filmlərdə çəkilməsinə kömək göstərib. Bu illərdə kinostudiyada İsmayıl Şıxlının “Dəli Kür” filminin çəkilişləri başlayır və Muxtar Avşarova rol həvalə edilir. Bu rolun müvəffəqiyyətli alınması kino sahəsindəki fəaliyyətini artırır və az sonra ona “Atları yəhərləyin” filmində İran kəndxudası rolu həvalə edilir. Beləliklə, o, ümumilikdə 40-dan çox ekran əsərində bir-birindən maraqlı rollar yaradıb.
Vurğulanıb ki, ömrünün 90 ilinin 65 ilini peşəkar səhnəyə bağlamış, zəngin dünyagörüşə malik sənətkar daim teatrı düşünüb, sənətlə nəfəs alıb. Hələ sağlığında, 2004-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. Bildirilib ki, Muxtar Avşarov həmişə üzdə olan, həmkarları, tamaşaçılar tərəfindən sevilən, arzulanan şəxsiyyət idi. Muxtar Avşarov təkcə Azərbaycan teatr və kino sənətində deyil, həm də həyatda elə bir xidmət göstərib ki, onun adı həmişə hörmətlə çəkiləcək, xatirəsi minnətdarlıqla yad ediləcək.
Tədbirdə Muxtar Avşarovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.