Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür. Bununla əlaqədar olaraq mayın 7-də şairin doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində anım mərasimi təşkil edilib.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yazıçılar Birliyinin sədri Anar, birliyin üzvləri, şairin qələm dostları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və şairin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salıblar. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Musa Yaqubun yaradıcılığından söz açılıb. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, onun hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb.
Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub, önünə əklil qoyulub.
Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şerlər səsləndiriblər.
Şairin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.