Xarici ticarətlə məşğul olan sahibkarlar malların təsnifatının və mənşə ölkəsinin müəyyən edilməsi üçün günlərlə ekspertiza nəticələrini gözləyərək əlavə vaxt itirməyəcək.
Dövlət Gömrük Komitəsinin (DGK) reallaşdırdığı yeni “Məcburi Qərarlar” layihəsinə əsasən, idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndərilməklə Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, artıq biznes subyektləri DGK-nın rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsinə daxil olmaqla “Məcburi Qərarlar” altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.
Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifat ilə bağlıdırsa 5013, mənşə ölkəsi ilə bağlıdırsa 7001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir.
Əvvəlcədən əldə olunmuş məcburi qərarın mövcudluğu malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizası aparılması zərurətini aradan qaldırır.
Yeni layihə vaxt və vəsait itkisinin qarşısının alınmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, sərhədkeçmə proseslərinin, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, resurslardan səmərəli istifadə edilməsinə xidmət göstərəcək.