“Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı bildirib.
Nazir çoxsaylı insan təlafatı və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu deyib. Bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyi qeyd olunub.
C.Bayramov Azərbaycanın vəziyyətin gərginləşdiyi ilk günlərdən 27 fevral 2022-ci il tarixindən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çatdırıb. Nazir Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübəsinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seqmentlərindən birini təşkil etdiyini yaxşı anladığımızı bildirib. Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərildiyi, ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasının planlaşdırıldığı qeyd edilib.
Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib. Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb. Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib.
C.Bayramov, Azərbaycanın post-münaqişə dövründə bərpa işləri ilə bağlı təcrübəsini və dəstəyini əsirgəmədiyini diqqətə çatdıraraq, ölkəmizin artıq Ukraynada aparılan bir sıra quruculuq işlərinə, o cümlədən İrpin şəhərində məktəbin bərpa edilməsinə dəstək göstərdiyini qeyd edib.
Ukraynada bərpa və yenidənqurma səylərinə göstərdiyimiz dəstəyimizin bundan sonra da davam etdiriləcəyi bildirilib.