Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub. Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub. Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inizbati qaydada həbs edilib.
Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilmişdi. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.