“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Modern İnkişaf və Ailə İctimai Birliyinin, “Khojaly Global Promotion”un, “Xocalı” idman klubunun təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Kompleksində “Xocalıya ədalət” adlı idman yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir haqqında məlumat verən “Xocalı” idman klubunun prezidenti Ehram Məcidov yarışda respublika və Avropa çempionlarının iştirak etdiyini deyib. İdmançıların gələcəyinə böyük ümid bəslədiyini qeyd edən klub prezidenti yarışın “Xocalıya ədalət!” kampaniyasının bir hissəsinə çevrilərək Azərbaycanın haqq səsini dünyaya çatdırmağa kömək olacağını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda apardığı uğurlu siyasətə idmançılar olaraq dəstək verməyin önəmini vurğulayıb.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkarlanması, onların yarış təcrübələrinin artırılmasından ibarətdir.