Xocavəndsiz 26 il

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür.

AZƏRTAC xəbər verir ki, 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər – kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.

1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilərək dağıdılıb.

Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır

Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

Xocavəndin tarixi abidələri erməni vəhşiliyinin qurbanına çevrilib

Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə – ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisində çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarca digər abidələr 26 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.

Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır

Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, eləcə də Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələr kağız üzərində qalıb. Əfsus ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistanın işğalçı siyasətinə biganə yanaşır.

Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri, xalqımızın üzləşdiyi faciə və soyqırımları ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Ermənistan ordusu tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımı ilə bağlı Azərbaycan, ingilis və rus dillərində “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı davam edir…”, “Qaradağlı: mübarizə”, Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı “Ruhum Qarabağlıdır” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı “garadaghli.org” internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində abidə kompleksləri ucaldılıb.

Qədim oğuz yurdu – Nərgiztəpə

Nərgiztəpə Xocavənd rayonunun 1993-cü ilin sonları – 1994-cü ilin əvvəllərində gedən döyüşlər zamanı işğaldan azad edilən ərazisidir. Orta Tunc dövrünə aid “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi bu ərazilərin böyük əhəmiyyət daşımasını şərtləndirir. Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən başdaşıları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub.

Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiq edir. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Dastan qəhrəmanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir.

Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Nərgiztəpədə abidə-xatirə kompleksi yaradılıb. Düşmənin beş addımlığında yerləşən abidənin üzərində Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanır. Abidə kompleksinin yaradılmasında məqsəd şanlı tariximizi yaşatmaqla bərabər, eyni zamanda, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqəti artırmaqdır.

Xocavəndlilər doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. Burada rayon icra hakimiyyəti və digər idarə, müəssisələr üçün inzibati binalar, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi, müasir tipli ATS, Bayraq meydanı, park, müasir tələblərə cavab verən idman zalı inşa edilib.

Xocavəndli məcburi köçkünlər 26 ildir ki köçkünlük həyatı yaşasalar da, doğma yurdlarına qayıdacaqlarına inanır, bu günü səbirsizliklə gözləyirlər. Xocavəndlilər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı siyasətini dəstəkləyir, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Əvvəlkixocavənd
NövbətiXemnits inqilabı