Xorvatiyanın Zadar şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avropa və Mərkəzi Asiya regionu üzrə Milli Əlaqələndiricilərin illik iclası baş tutub.
AZƏRTAC xəbər verir ki, iclasda Avropa və Mərkəzi Asiya regionundan 29 ölkənin nümayəndəsi iştirak edərək Texniki Əməkdaşlıq Proqramı çərçivəsində nüvə enerjisinin sülh məqsədləri üçün istifadə olunması barədə fikir mübadiləsi aparıb, cari milli və regional layihələr, eləcə də perspektivli yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Ölkəmizi tədbirdə təmsil edən Nazirlər Kabineti Beynəlxalq Əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Süsən Nuriyeva cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə tədbir iştirakçılarına məlumat verib. Süsən Nuriyevanın çıxışı COP29-un builki gündəliyi, mavi və yaşıl zonalarda iştirak qaydası, eləcə də AEBA-nın iqlim dəyişiklikləri ilə mübarizədə rolu kimi bir sıra məsələləri əhatə edib.
Qeyd edək ki, AEBA COP çərçivəsində nüvə texnologiyası və onun tətbiqlərinin iqlim dəyişikliyi ilə mübarizəyə necə töhfə verdiyini vurğulamaq üçün bir sıra tədbirlər təşkil etməklə fəal iştirak edir. Bundan əlavə, AEBA bu sahədə “Atoms4Climate” və “Atoms4Net” kimi təşəbbüslər vasitəsilə iqlim problemlərinin həllində atomların oynaya biləcəyi rola dair maarifləndirici tədbirlər keçirir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) 1957-ci ildə “Sülh naminə Atom” təşkilatı kimi təsis edilib və nüvə enerjisindən sülh məqsədləri üçün istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstərir. Azərbaycan 2001-ci ildə təşkilatın tamhüquqlu üzvüdür.