Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “WhatsApp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşlara yenidən xəbərdarlıq edib.
AZƏRTAC Mərkəzin məlumatına istinadla xəbər verir ki, saxta “Pink WhatsApp”, “WhatsApp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. “Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədilə yaradılır.
Təəssüflə bildirmək lazımdır ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 2021-ci il aprelin 21-də (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq, saxta “Whatsapp” tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kaspersky Laboratoriya”sının 2023-cü il üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta “WhatsApp” tətbiqi yükləyənlərin sayına görə 45,64 faizi ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir”, – deyə məlumatda qeyd olunur.