Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində yardım aksiyasını davam etdirir. Karantin rejimi qaydalarını nəzərə alan təşkilatın yardım aksiyaları mütəmadi xarakter alıb. Aksiyada yaşı 65-dən yuxarı olan partiya veteranları da diqqətdən kənarda qalmır.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev təşkilatın əməkdaşları ilə birgə partiya veteranlarını, yardım üçün müraciət edən sakinləri evlərində ziyarət edir, tibbi ləvazimat, ərzaq məhsulları olan yardım bağlamalarını onlara təqdim edir.
65 yaşdan yuxarı sakinlərə qarşı xüsusi həssaslıqla yanaşan millət vəkili Naqif Həmzəyev koronavirus infeksiyasından qorunma yolları ilə əlaqədar maarifləndirici məlumatlar verib.
Yaşlı sakinlər bu nəcib təşəbbüsə, əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, birinci Vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatında yaradılan “Qaynar xətt” ahıl vətəndaşlara kömək göstərmək üçün 24 saat fəaliyyət göstərir.