Azərbaycanda 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiyanı təmsil edən müşahidəçi və məşvərətçilərin fəaliyyəti ilə bağlı seminar keçirilib.
Turk.az-ın məlumatına görə, tədbirdə YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvləri, müşahidəçilər, məşvərətçilər və partiya fəalları iştirak ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən seçki dairələri və məntəqələrdə 111 müşahidəçi, 111 məşvərətçi səsvermə prosesini izləyəcək.
YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvlərindən Fuad Əliyev, İbrahim Cəfərov və digər çıxış edənlər prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsindən, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməsindən, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişdiyindən danışıblar. Bildiriblər ki, İ. Əliyevin rəhbərliyi ilə ölkə, eləcə də Gəncə inkişaf edir. Seçicilər də məhz bu inkişafa, sabitliyə səs verməklə, növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər.
Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasının Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verilib, müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb.