Yaponiyalı tədqiqatçılar güclü ultrabənövşəyi şüalar vasitəsilə koronavirusu məhv edən robot hazırladıqlarını bəyan ediblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, robot Tokionun İtabaşi rayonunda yerləşən şirkətin və “Nihon” Universiteti yanında fəaliyyət göstərən xəstəxananın əməkdaşları tərəfindən hazırlanıb.
Robotun güclü ultrabənövşəyi şüalar buraxan lampalarla təchiz edildiyi bildirilir. Həmin lampalar vasitəsilə ultrabənövşəyi şüalar buraxan robot müstəqil şəkildə hərəkət edərək, divarda və döşəmədə yerləşən virusları məhv edir.
Robotu hazırlayan tədqiqatçılar qrupunun rəhbəri Aida Yoko bildirib ki, keçirilən sınaqlar zamanı özündən ultrabənövşəyi şüalar buraxan robot otaqdakı virusları müəyyən vaxt ərzində məhv edərək, onların miqdarını heçə endirib.