Yanvarın 23-də “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Prezident Administrasiyasının (PA) QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev İctimai Şuranın üzvləri ilə bu il qeyri-hökumət təşkilatlarının qarşısında duran vəzifələr, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət funksiyalarının gücləndirilməsi, həmçinin ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbirlə əlaqədar müzakirələr aparıb. Həmçinin şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb.
PA nümayəndəsi ictimai nəzarətin həyata keçirilməsində bu günlərdə tərkibi yenilənmiş şura üzvlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov da iştirak edib.