“Yeni il ərəfəsində əhalinin, eləcə də xarici qonaqlarımızın üz tutduğu əsas istiqamətlərdən biri kimi Dənizkənarı Bulvar xüsusi bayram ab-havasına bürünür”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
O bildirib ki, bu il də ənənəyə uyğun olaraq bulvar ərazisində Yeni il bayramına xüsusi hazırlıq işləri aparılır.
“Bu il Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhvali-ruhiyyəsini daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edək. Dənizkənarı Milli Parkın əksər hissələri, xüsusilə də ziyarətçi axınının sıx olduğu istiqamətlərin hər yeri bayram dekorasiyaları, müxtəlif yeni il instalyasiyaları ilə bəzədilib. Demək olar ki, hər addımbaşı xüsusi işıqlarla bəzədilmiş yolkaları görmək mümkündür. Bildiyiniz kimi, şəhərimizin ən hündür və gözəl Yeni il yolkalarından ikisi məhz Bakı Bulvarı ərazisində bəzədilir. Onların hündürlüyü təqribən 20 metrə yaxındır. Bulvarın giriş hissələrində xüsusi tərtibatla işıq dekorasiyaları var. Kukla teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub. Həmin hissə də bu il xüsusi tərtibatla hazırlanıb və Dənizkənarı Milli Parkın ziyarətçilərinin xüsusi marağına səbəb olub” – deyə o vurğulayıb.