Fransanın paytaxtı Parisdəki “La Bourse du travail” Həmkarlar İttifaqı Mərkəzinin binasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan kanak xalqının nümayəndəsi senator Rober Ksovinin, eləcə də Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndə heyətinin iştirakı ilə “Kanak xalqı ilə həmrəylik toplantısı” adlı iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçılarının ilk tələbi fevralın 21-də Yeni Kaledoniyada polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində saxlanılan 5 fəalın azad edilməsi olub.
Tədbirdə çıxış edən kanakın müstəqillik tərəfdarları Fransa hökumətinin onların səsini eşitməsini istədiklərini qeyd ediblər. Onlar, həmçinin kanak xalqına məxsus torpaqların müstəmləkəyə çevrilməsindən 170 il və FLNKS-ın yaranmasından 40 il sonra Fransa hökumətinin bu xalqın gələcəyini sual altında qoyaraq, Yeni Kaledoniyanın – kanakların institusional gələcəyinə dair iki qanun layihəsini birtərəfli şəkildə irəli sürməsinə etirazlarını bildirirlər.
2021-ci ildə keçirilmiş muxtariyyətlə bağlı üçüncü referendumun nəticələri yekdilliklə şübhə altına alınıb. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları həmin referendumu COVID dövründəki qapanma şəraiti ilə əlaqədar təxirə salınmasını istəsələr də, Fransa dövləti prosesin keçirilməsini məcburi qaydada qəbul etdirib və beləliklə, kanak xalqı bu referendumda iştirak edə bilməyib. Müstəqilliyin tərəfdarları bu referendumun nəticələrini tanımır və onun şərtlərinin qəbuledilməz olmasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınması üçün FLNKS tərəfindən şikayət hazırlanıb. Kanaklar bildirirlər ki, bu gün Fransa hökuməti “demokratiya” adı altında əyalət seçkilərini təxirə salmaq və seçki orqanında dəyişiklik etmək istəyir. Məqsəd 30 ildən çoxdur başlanılmış müstəmləkəsizləşdirmə prosesinə son qoymaq və kanak xalqının azlığa çevrilməsi ilə bağlı sübut edilmiş təcrübəni bərpa etməkdir. Bu, ərazinin yenidən müstəmləkəyə çevrilməsini və kanak xalqının milli azlıq olduğunu təşviq etmək üçün bir vasitədir. Dövlət bu iki qanun layihəsi ilə Numea Sazişini çox qısa müddət ərzində ləğv etmək istəyir. Fevralın 27-də əyalət seçkilərinin təxirə salınmasına dair dəyişiklikləri əks etdirən qanun layihəsi Senata, sonra Milli Assambleyaya təqdim ediləcək. Seçicilərin tərkibinin dəyişdirilməsi ilə bağlı ikinci qanun layihəsi isə mart ayından etibarən Senatda müzakirəyə çıxarılacaq. İyulun 1-dək müstəqillik tərəfdarları ilə heç bir saziş bağlanmazsa, hökumət Versal Konqresini çağırmaqla güc yoluna əl atmaq niyyətindədir.
Toplantı iştirakçıları kanak xalqı ilə həmrəylik nümayiş etdirərək onların hüquqlarına, o cümlədən tam suverenlik əldə etmək istəyinə hörmət bəslənilməsi üçün səfərbər olmağın vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1984-1988-ci illərdəki toqquşmalardan sonra Fransa dövləti ilə bəzi şərtləri Konstitusiyada təsbit olunan kanak xalqı arasında kompromis 30 ildən çox davam edən dekolonizasiya və öz müqəddəratını təyinetmə prosesinin başlamasına imkan verib.
Bildirilib ki, hu gün hakimiyyət Numea Sazişinə son qoymaq üçün manevrlər edir. O, insanları 2022-ci ildə keçirilmiş üçüncü referendumunun Fransanın tərkibində Yeni Kaledoniya üçün demokratik qərar qəbul etməyə imkan verdiyinə inandırmaq istəyir. Bu, müstəmləkə edilmiş xalqın öz ölkələrinin gələcəyi ilə bağlı qərar vermək kimi fundamental hüququna, habelə BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymamaqdır. Eyni zamanda, COVID-dən sonrakı qeyri-münasib mühit səbəbindən kanakların referendumun təxirə salınmasını xahiş etmələrini görməzdən gəlməkdir.
Həmçinin qeyd edilib ki, Makron və onun hökuməti üçün “milli maraq” Yeni Kaledoniyanın qəti olaraq fransız olmasıdır. Onların nəzərində bu, Hind-Sakit Okean kimi tanınmış və getdikcə həlledici zonaya çevrilən regionda iqtisadi və strateji aktivliyi təmin edir. Hökumət bununla da neokolonial təkəbbürü və kanak xalqına hörmətsizliyi davam etdirməyə haqq qazandırır.
Tədbir iştirakçıları vurğulayıblar ki, Hind-Sakit Okean regionunda, habelə onun hüdudlarından kənarda dekolonizasiya prosesinin davam etdirilməsi və dərinləşməsi sosial bərabərsizliklərə qarşı, ölkənin inkişafı və sosial-demokratik tərəqqisi üçün mübarizənin prioritet istiqamətə çevrilməsinə səbəb olmalıdır. Eyni zamanda, Yeni Kaledoniyanın yenidən müstəmləkə olması təkliflərinin əvəzinə, tərəfdaşlıq, müstəqillik təkliflərinə ciddi yanaşılmalıdır.
Diqqətə çatdırılıb ki, Fransada müstəmləkəçiliyi müdafiə edən, xalqların öz müqəddəratını təyinetmə hüququna qarşı çıxan qüvvələrlə çətin mübarizədə kanak xalqının ətrafında toplaşmaq, onunla həmrəy olmaq lazımdır.