“Gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olundu, həmin qaydalarəsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verildi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqa çatdırılacaq: “Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixlifərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur”.