Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir

Azərbaycan Voleybol Federasiyası yeniyetmələrin Azərbaycan birinciliyinə start verib.

Tovuz Regional Voleybol Klubundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, birincilikdə müxtəlif şəhər və rayonlardan olan voleybolçu qız və oğlanlardan ibarət U-14, U-16 və U-18 komandaları mübarizə aparır. Fevralın 8-i və 9-u tarixlərində Tovuz Olimpiya İdman Kompleksində Gəncə, Mingəçevir, Şəmkir, Tovuz, Bərdə və Oğuzdan yeniyetmə qız voleybolçuların qarşılaşmaları keçirilir. Tovuzla yanaşı, Bakı, Gəncə, Şirvan, Goranboy, eləcə də digər şəhər və rayonlarda reallaşan hər üç yaş qrupunda oyunlar qrup və play-off mərhələsindən ibarətdir.

İyun ayına kimi davam edəcək yarışların məqsədi isə ölkəmizdə voleybolun inkişafı, populyarlığın artırılması, potensiallı yeniyetmə idmançıların seçilərək milli komandalara cəlb olunmasıdır.

ƏvvəlkiBƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır
NövbətiDmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm