Yanvarın 4-də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il münasibətilə bayram şənliyi təşkil edilib. Tədbirdə 70-ə yaxın uşaq və onların valideynləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səsləndirilib.
Şənlikdə çıxış edən təşkilatçılar Arzu Mirzəyeva və “Yaşam” xeyriyyə komandasının rəhbəri Rauf Aslanov ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün belə tədbirlərin keçirildiyini bildiriblər. Çıxış edənlər bu cür addımların həmin uşaqlara onların hər kəs tərəfindən sevildiyini, cəmiyyətin bir parçası olduqlarını nümayiş etdirmək, cəmiyyətimizə inteqrasiyalarının asanlaşdırılması məqsədini daşıdığını deyiblər. Bu cür tədbirlərin davamlı olacağı diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən Vətən müharibəsi qazisi Zakir İmanovun qızı Mələk İmanova bu gün dostları ilə gözəl gün keçirdiyini, əyləndiyini söyləyib. O, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Autizmli Cavidan Kərimlinin anası Fidan Kərimova xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətin bir parçası olduğunu, bu cür tədbirlərin övladı da daxil olmaqla həmin təbəqədən olan uşaqların psixoloji durumuna da çox yaxşı təsir etdiyini diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib. Bayram şənliyində incəsənət nümayəndələrinin iştirakı ilə musiqi nömrələri səsləndirilib, rəqqaslar milli və xarici rəqs nümunələri təqdim ediblər. Şən klounlar və Şaxta babanın iştirakı ilə əyləncə təşkil edilib.
Həmçinin serebral iflicdən əziyyət çəkən Arzunun doğum günü qeyd edilib. O, dostları ilə birlikdə musiqi sədaları altında doğum günü tortunu kəsib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.