Yevlaxda Azərbaycan Milli Mətbuatının yaranmasının 149-cu ildönümü və 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə televiziya, qəzet və informasiya agentliklərinin bölgə müxbirləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən, mətbuatın müstəqillik dövründəki fəaliyyətindən danışıb.
Bildirib ki, milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndərin mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Tədbirdə ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rolundan, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində media nümayəndələrinin fədakarlıqlarından da bəhs edilib.
Media nümayəndələri çıxışlarında milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən, respublikamızda azad sözün və mətbuatın bərqərar olunması istiqamətində həyata keçirilən tədbirlərdən, mətbuata göstərilən dövlət dəstəyindən bəhs edib, göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda mətbuat nümayəndələrinə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.