Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə sürücülərə diqqət yetirilməli bir neçə halı xatırladaraq müraciət edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müraciətdə səfərə çıxmazdan əvvəl sürücülərin, ilk növbədə, avtomobillərinin texniki vəziyyətinə bir daha nəzarət edilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.
Sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.
“Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir. Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən Dövlət Yol Polisinin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz. Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”, – deyə müraciətdə qeyd edilir.