İyulun 14-də Üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi başlayır.
AZƏRTAC xəbər verir ki, iyulun 16-dək davam edəcək final mərhələsi Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu mərhələdə 109 namizəd iştirak edəcək.
Ümumilikdə Bakı üzrə 73, regionlar üzrə 36 iştirakçı final mərhələsinə keçib. Onlardan 87-si kişi, 22-si qadındır. Finalçılar arasında beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-də çalışan namizədlər yer alır. Finalçılar arasında 21-30 yaş arasında olan iştirakçılar üstünlük təşkil edir. Namizədlərdən 66-sı ötən illərin “Yüksəliş” müsabiqəsinin iştirakçılarıdır.
Final mərhələsinə keçid üçün 17 bal müəyyən edilib. İştirakçılar iki gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq.
Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.