Yunanıstan parlamenti baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hökumətə etimad üçün səs verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin əsas qanunverici orqanında keçirilən səsvermənin nəticələri sübut edir.
300 yerlik birpalatalı parlamentdə hakim partiyanın 158 deputatı hökumətə etimad göstərib. Bütün müxalifət partiyalarından 142 deputat əleyhinə çıxış edib.
Təkrar səsvermə yeni kabinetin iş proqramına dair üç günlük müzakirədən sonra baş tutub.
Baş nazirin sözlərinə görə, hökumətin əsas məqsədləri arasında bu ilin sonuna kimi ölkənin investisiya reytinqini bərpa etmək, 2010-2018-ci illərdə ölkədə baş vermiş maliyyə böhranı zamanı beynəlxalq kreditorlarla bağlanmış birinci memorandum çərçivəsində alınmış kreditlərin vaxtından əvvəl qaytarılması daxildir. Hökumət, həmçinin 2027-ci ilə qədər dövlət borcunu ÜDM-in 140%-dən xeyli aşağı azaltmaq, növbəti dörd il ərzində işsizlik səviyyəsini 8%-ə endirmək, davamlı dəstək tədbirləri və lazım gəldikdə məqsədyönlü təşəbbüslərlə sosial bərabərsizliyi azaltmaq niyyətindədir. Mitsotakis bildirib ki, bu, Maliyyə Nazirliyinin tezliklə parlamentə təqdim olunacaq ilk qanun layihəsidir.
Baş nazir onu da bildirib ki, hökumət tədbirlərinin köməyi ilə bahalaşmaya qarşı mübarizə davam etdiriləcək, maaşlar, pensiyalar, gənclər üçün müavinətlər artacaq.
Mitsotakisin rəhbərlik etdiyi partiya iyunun 25-də keçirilən təkrar parlament seçkilərində qalib gəlib. Partiya 40,56% səs toplayıb, ölkənin 300 yerlik birpalatalı parlamentində 158 mandatın əksəriyyətini qazanıb və koalisiyasız hökumət formalaşdırıb.