Azərbaycan istehsalı olan xalçaların həm daxili bazarda, həm turistlərə satışında, həm də ixracında 3-5 illik perspektivdə çox ciddi artımlar olacaq.
Bunu “Report”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
O qeyd edib ki, bunun təşviqatı bu və növbəti illərdə aparılacaq: “2023-cü ildə Azərbaycanın xalça ixracı 2022-ci illə müqayisədə 30 % artıb”.
Y. Abdullayev qeyd edib ki, AZPROMO və “Azərxalça” ASC Azərbaycan xalçalarının təbliğatını həyata keçirir: “Belə ki, xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan alman dizayneri Yan Katla birgə layihələr icra edilib. Vaşinqtonda, Nyu-Yorkda, Madriddə Azərbaycan xalçalarının sərgisi baş tutub. Yəni 2023-cü ildə “Azərxalça” ilə birlikdə geniş təbliğat işləri aparmışıq”.
“Xalça ənənəvi məhsullardır. Xalçanın ixracı digər məhsulların ixracı kimi həyata keçirilmir. Bu məsələ dövlət tərəfindən tənzimlənir. Yəni bu proseslər kifayət qədər sadədir. Sadəcə olaraq fərqlidir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, “Azərxalça” ASC-nin rəhbərliyi bu gün xalçanın mədəni irsinin yenidən canlandırılmasında böyük bir iş görür: “Bunun əsas təməli xarici ölkələrdə xalçaçılığın təbliğatıdır. Yəni satışdan əvvəl xalçanın xarici ölkələrdə təbliğatı əsasdır”.
Y. Abdullayev əlavə edib ki, müəyyən bir təbliğat və paralel olaraq ixrac işləri aparılmalıdır, çünki xalça mədəniyyətinə sahib qonşu ölkələr də var.