Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi həyata keçirilib. Bu gün Bakı şəhərindən köç karvanı ilə yola salınan 106 nəfərdən ibarət 22 ailə Ağalı kəndinə çatıb.
Trend-in məlumatına görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıblar. Daha sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları təqdim edilib.
Bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 526 nəfərdən ibarət 108 ailə köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayan vətəndaşlardır.
Köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər.
Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.