Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə NATO-nun Avropadakı ali baş komandanı və ABŞ-nin Avropa Komandanlığının baş komandanı general Kristofer Kavoli arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Ordusunun baş komandanı sosial şəbəkədə bildirib.
Zalujnı amerikalı generalı cəbhədəki durum barədə bilgiləndirdiyini açıqlayıb:
“Əməliyyat və strateji vəziyyət sərt, lakin nəzarətolunandır. Ukrayna Silahlı Qüvvələri müdafiə fəaliyyətlərini davam etdirir, düşmənin hücumlarını dəf etməyə köklənir və onun canlı qüvvə və texnikasını vurur”.
Paylaşımda qeyd olunub ki, tərəflər Rusiyanın yaxın həftə və aylardakı gözlənilən mümkün fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, Zalujnı amerikalı həmkarına Ukraynanın HHM sisteminin gücləndirilməsinin vacibliyini vurğulayıb.