Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika şahmat olimpiadasına start verilib. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 41 şəhər və rayonunu təmsil edən 502 şahmatçı mübarizə aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 22-də olimpiadanın rəsmi açılış mərasimi olub.
Mərasimin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov və Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev çıxış edərək, ölkəmizdə şahmatın inkişafına göstərilən dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib. İsveçrə sistemi ilə keçirilən yarış 11 turdan ibarət olacaq.
Şahmat olimpiadası avqustun 31-dək davam edəcək.