“Zaqreb-2023”: Azərbaycanın iki pəhləvanı yunan-Roma güləşi üzrə qitə çempionatının finalında

Azərbaycanın iki idmançısı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşan güləşçimiz qalib gəlib. Onun növbəti mərhələdə rəqibi türk Murat Fırat olub. Görüşünü qələbə ilə başa vuran pəhləvanımız finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gələcək.

Səkkizdəbir finalda ukraynalı Andrey Kulikə qalib gələn Ülvi Qənizadə (72 kq) dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu, yarımfinalda türk Selçuk Canı üstələyib. Həlledici görüşdə təmsilçimizin rəqibi fransalı İbrahim Qanem olacaq.

Üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə şans verməyib. Güləşçimiz dörddəbir finalda ermənistanlı Samvel Qriqoryan ilə gərgin keçən mübarizədən də qalib ayrılıb. R.Hüseynov yarımfinalda türk Burhan Akbudaka uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Branko Kovaçeviç (Serbiya) – Roland Şvarts (Almaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib olublar.

Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.

ƏvvəlkiErmənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb
NövbətiAzərbaycanın qrup hərəkətləri komandası dünya kuboku yarışlarında bürünc medal qazanıb